“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası
Salmanlı Fərman Nelman oğlu
Bələdiyyə məslələri üzrə ekspert
E-poçt:salmanlif80@gmail.com
Müasir urbanizasiya
proseslərinin sürətlənməsi və rəqəmsal transformasiyanın geniş vüsət alması şəhər
mühitində sosial strukturun yenidən formallaşmasına gətirib çıxarmışdır.
Bununla belə, sözügedən transformasiya fərdlərin lokal icma həyatından təcrid
olunması, sosial kapitalın aşınması və yerli həmrəylik mexanizmlərinin zəifləməsi
kimi konseptual problemləri də bərabərində gətirir. Bu məqalədə sakinlərin
yerli icma qarşısında sosial və etik məsuliyyətinin strukturlaşmış elmi təhlili
təqdim olunur. Təqdiqat çərçivəsində könüllülük fəaliyyətinin sosial kapitalın
möhkəmlənməsinə, icma layihələrinin səmərəli həyata keçirilməsinə, sakinlərin
icma rifahına və inkişafına verə biləcəyi tövhələr araşdırılır. Məqalədə
icmanın inkişafı naminə yeni bir məsuliyyət modeli irəli sürlür. İşin əsas məqsədi
sakinlərin passiv müşahidəçidən fəal icma subyektinə çevrilməsi və bu fəaliyyətin
icma qarşısında mənəvi öhdəlik həmçinin məsuliyyət kimi qəbul edilməsi mexanizmlərini əsaslandırmaqdır.
Tədqiqatın məqsədi və məsələnin
qoyuluşu:
Müasir dövürdə cəmiyyətlərin
üzləşdiyi əsas sosioloji problemlərindən
biri fərdiyyətçiliyin güclənməsi və sosial bağların zəifləməsidir. Bu
tendensiya fərdlərin mənsub olduqları yerli icmalar qarşısında sosial məsuliyyət
hissinin zəifləməsinə, yerli problemlərin həllində passivliyə və sosial
bağların tədricən qırılmasına səbəb olur. Halbuki, insan psixologiyası sosial
xarakter daşıyır (1,s.8).
Xüsusilə rəqəmsal
transformasiya və sosial şəbəkələrin geniş yayılması fərdlərin ünsiyyət
formalarını köklü şəkildə dəyişdirmişdir.
Sakinlərin passiv müşahidəçi
mövqeyinə keçməsi yerli özünüidarəetmə və icma inkişafı layihələrinin səmərəliliyinə
mənfi təsir göstərir. Sakinlərin bir çoxunun
cins, irq, din və sosial status fərqliliklərinə görə yerli təşəbbüslərdən kənarda qalması, icma daxilində
həmrəyliyin zəifləməsinə, yerli qərarların qəbulunda və icma problemlərinin həllində
təşəbüskarlıq göstərməməsi onların fərdi potensialını və könüllülüyün
resurslarının sistemli şəkildə səfərbər olunmamasna səbəb olur. Bu baxımdan fərdləri
icmannn inkişafı naminə səfərbər edə biləcək yeni konseptual yanaşmanın işlənilməsi
böyük zərurət kəsb edir. Sözügedən yeni nəzəriyyə sakinlərin icma qarşısndakı
sosial məsuliyyət şüurunu artırmaqla onların könüllü fəaliyyətinə zəmin
yaratmalıdr.
Xüsusən köç alan şəhər və
qəsəbələrdə miqrasiya müxtəlif etnik qrupların qarışmasına, etnik və dini cəhətdən
yekcins olmayan cəmiyyətlərin yaranmasına zəmin yaradır (5,s.82).
Bu çərçivədə, müxtəlif
irq, din, cins və sosial duruma aid olan fərdlərin yaşadıqları mühitə
inteqrasiyası və icma bağlılığının bərpası üçün dayanıqlı sosial həmrəylik
modellərinin tətbiqi şəhər idarəetməsinin
prioritet istiqamətlərindəndir. Hazırlanacaq yeni model könüllülük fəaliyyəti
ilə ictimai məsuliyyət anlayışlarını effektiv şəkildə uzlaşdırmaldır.
Təqdim olunan tədqiqat çərçivəsində
sakinlərin yerli icma qarşısında sosial və etik məsuliyyətinin strukturlaşmış
analizi aparılır. Eyni zamanda, könüllülük fəaliyyətinin sosial kapitalın möhkəmlənməsinə,
resursların optimallaşdırlmasına və yerli inkişaf layihələrinə töhfəsi
elmi-metodoloji müstəvidə təhlil edilir.
Təklif etdiyim “Sakinlərin
icma qarşısında könüllü sosial məsuliyyəti”
modeli fərdin yaşadığı məntəqənin ictimai həyatında könüllü iştirakını
özündə ehtiva edən sosial-ictimai yanaşmadır. Konsepsiya könüllülük və icma
qarşısında sosial məsuliyyət adlanan iki əsas anlayışı bir modeldə özündə birləşdirir.
şəxsin öz sərbəst iradəsi ilə heç bir maddi mənafe və ya əmək haqqı güdmədən, cəmiyyətə
və ya ətraf mühitə fayda vermək üçün zamanını, bilik və bacarıqlarını sərf
etdiyi təmənnasız fəaliyyət növüdür. Sosial kəliməsi isə latınca “sosialis”
sözündən götürülmüşdür və mənası cəmiyyət anlayışına uyğun gələn “ümümi” və ya
“ictimai” mənasını verir ( 2, s. 122).
İrəli sürdüyüm yeni
modeldə əsas prinsip şəxsin yalnız hüquqlarını tələb etməklə fəaliyyəti passivləşən
sakin deyil, eyni zamanda icma qarşısında vəzifələrinində dərk edən və əməli fəaliyyəti
ilə icmanın inkişafına töhvə verən icma üzvünün aktiv fəaliyyətidir. Jan Jak
Russo “İctimai müqavilə” nəzəriyyəsində bu məsələyə toxunaraq sakinlərin öz
güclərini və hüquqlarını icmanın ümumi mənafeyi naminə birləşdirməsinin fərdi
passiv subyekt olmaqdan çıxararaq icma inkişaf modelinin məsuliyyəti və aktiv
iştirakçısına çeviridiyini qeyd etmişdir (11, s.14).
Könüllülük və sosial məsuliyyət
anlayışlarının birləşməsi ilə formalaşmış bu konsepsiya fərdlərin yaşadığı
icmanın məsələn məhəllənin, kəndin, qəsəbənin və ya şəhərin sosial, iqtisadi və
mədəni inkişafına aid məsələlərdə təşəbbüskar və aktiv iştirakını əsas tutmaqla
bir növ fərdin üzərinə mənəvi məsuliyyət yükləyir. Bu konsepsiya əsasən hər bir
sakinin öz bilgisi, bacarığı və mənəvi dəyəri ilə icmanın rifahı, inkişafı və təhlükəsizliyi
naminə könüllü iştirak etməyi nəzərdə tutan,
“hər sakin bir könüllü olmalıdır” prinsipinə əsaslanır.
Bu yeni modeldə heç bir məcburiyyət
yoxdur, hüquqi öhdəlik yoxdur və fərdin daxili istək və mənəvi dəyərlərinin təzahürü
olaraq ortaya çıxmalıdır. Hər bir sakin könüllülüyü etik öhdəlik kimi şüurlu
olaraq qəbul etməli və sosial həmrəyliyi inkişaf etdirməlidir. Şəxs könüllü fəaliyyəti
ilə cəmiyyətin və digər şəxslərin xeyrinə fəaliyyət göstərməlidir. Bunu icma
qarşısında xidmət olaraqda adlandırmaq mümkündür. Konsepsiyada nəzərdə tutulan
fərdin məsuliyyəti dedikdə heç bir
inzibati məcbur etmə mexanizmi olmadan şəxsin mənəvi məsuliyyəti və ya sosial
cavabdehlik daşıması başa düşülməlidir. “Sakinlərin icma qarşısında könüllü
sosial məsuliyyəti” konsepsiyası ilk öncə
fərdlərə ekosistemin ayrılmaz parçası olduğunu dərk etməyə dəvət edir.
Həyatın davamlılığının
yaşadığımız dünyanın ekosisteminin davamlılığna bağlı olduğunu və hər bir şəxsin
könüllü olaraq dünyamızın ekosisteminə öz yaşadığı icma daxilində tövhə verməyin
vəzifəsi olduğunu bilməlidir. Bu barədə effektiv Alturizm hərakatının banilərindən
biri Viliyam MacAskill qeyd edirdi ki, “İndi inanıram ki, dünyanın uzunmüddətli
taleyi qismən bizim ömürümüz ərzində etdiyimiz seçimlərdən aslıdır. Gələk möhtəşəmdə,
yaxud dəhşətlidə ola bilər (10, s.13).
Yəni hər bir sakin var
olduğu və yaşadığı icma qarşısında sosial məsuliyyət daşıdığını, bu məsuliyyəti
insanlığın və dünyamızın xoşbəxt gələcəyi naminə etməli olduğunu, icma üçün edəcəklərini
heç bir maddi qazanc müqabilində deyil, könüllü olaraq həyata keçirəcəyini
şüurlu sürətdə dərk etməlidir.
Kainatın və təbiətin
daxili nizami strukturuna nəzər saldıqda aydın olur ki, mövcud olan hər bir
canlı və ya cansız varlıq passiv, izole olunmuş və yalnız təktərəfli istehlakçı
rolunda çıxış etmir. Təbiətdə var olmaq bilavasitə daxil olduğu ekosistemə müəyyən
bir dəyər qatmaq və onun balansı üçün töhfə vermək deməkdir. Müasir sosial elmlərdə
fərdin cəmiyyət qarşısında öhdəlikləri adətən hüquqi məcburiyyət və ya mənəvi
xeyriyyətçilik konteksində izah edilə bilər. Lakin bu yanaşma məsuliyyəti fərd
üçün xarici yük kimi təqdim edir.
Bəhs edilən konseptual
modeldə isə sosial və ekoloji məsuliyyət insanın təbiətdən gələn varlıq
şüurunun təbii zərurəti kimi əsaslandırılır. Təbiətdəki canlı və ya cansız hər
bir ünsür daxil olduğu mühütdə eyni vaxtda çoxşaxəli fayda təmin edən sistemin
halqasıdır. Məsələn ağac və bitki örtüyü sadəcə bioloji orqanizm deyil, eyni
vaxtda o oksigen deposu, torpağın erroziyasının qarşısını alan sipərdi,
canlılar üçün kölgəlik və sığınacaqdır, verdiyi meyvə və yarpaqlar qida zəncirinin
bünövrəsidir, həyat dövrünü başa vurduqda isə gövdəsi ləvazimat olaraq və
ya yeni həyatın yaranmasına xidmət edir.
Heyvanlar təbii instinkləri
ilə ekosistemin balansını saxlayır, eyni zamanda əti, südü, dərisi, sümüyü və
funksional fəaliyyəti ilə bütöv bir həyat dövriyyəsinin aparıcı qüvvəsi kimi
çıxış edir. Hətta torpaq, su və hava kimi elementlər belə öz varlığı ilə
canlılığıın davamlığı üçün zəmin yaradır
və resursların ötürücüsü rolunu oynayır. Göründüyü kimi təbiətdə sadəcə alıb
verməyən tək bir ünsür belə yoxdur. Var olmaq sistemin ümumi fayda dövriyyəsinə
inteqrasiya olunmaq deməkdir.
Ağaclar, heyvanlar və ya
hər hansı elementlər ekosistemə tövhəni bioloji proqramlaşdırma, instink və ya
təbiət qanunlarının təsiri ilə edir. İnsanın varlıq fərqi və fəlsəfi üstünlüyü
məhz onun şüurunda, idrakında və seçim azadlığındadır. Biz insan olaraq
anlamalıyıq ki, təbiətdən və cəmiyyətdən yalnız resurs mənimsəyən, lakin əvəzində
heç bir ekoloji və sosial fayda istehsal etməyən fərd təbiətin daxili zəncirini
qırır və sosial enerji istehlakçısı vəziyyətinə düşür. İnsan olduğumuz üçün biz
təbiətin instinktlə etdiyini şüurumuzla, iradəmizlə və fəal addmlarımızla icra
etməyə borcluyuq. İcma qarşısında sosial məsuliyyət kənardan tətbiq edilən
inzibati bir qayda və ya müvəqqəti xeyriyyəçilik aksiyası deyil, insan
olmağımızın fəlsəfi və bioloji şərti olmalıdır. Con Lok Hökümət haqqında iki
traktat əsərində ilahiyyatçı Riçard Huklerə istinad edərək göstərir ki, təbiətin
insanlara bəxş etdiyi bərabərlik sadəcə fərdi hüquqlar vermir, həmdə insanların
bir-birinə borclu olduğu mənəvi öhdəliklərin, ədalət və yardımsevərlik prinsiplərinin
əsasını təşkil edir ( 12, s. 14).
Con Lokun mənəvi öhdəlik
yanaşmasının əksinə, Tomas Hobs dövlətin
olmadığı mühitdə insan fərdlərinin bir-biri ilə müharibə vəziyyətində olacağını
vurğulayırdı. Hobsa görə, cəmiyyətdə bərabəriyi saxlayan amil könüllü yardımsevərlik
deyil, dövlətin inibati və məcburi gücüdür (9, s. 94).
Cəmiyyətdə iki fərqi idarəetmə
mühitinin varlığını əsaslandıran B.Barbere görə mərkəzi siyasətdən fərqli
olaraq məhəllə və icma birlikləri sakinlərin ortaq problemləri həll etmək və
birgə planlar qurmaq üçün könüllü şəkildə bir araya gəldiyi səmimi sosial məsuliyyət
platformasıdı ( 6, s. 24).
Con Rolsun “Ədalət nəzəriyyəsində”
cəmiyyətin əsas strukturları və hüquqi institutları fərdlərin qarşılıqlı
münasibətlərini tənzimləyən təməl mexanizlər kimi yəni yuxarıdan aşağıya yönəlmiş
təməl mexnizmlər ilə çıxış edir ( 7, s. 15-30).
İrəli sürdüyüm “Sakinlərin
icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasında isə Con Rolsun nəzərdə
tutduğu ədalətli cəmiyyət idealı yalnız yuxarıdan-aşağıya tətbiq olunan dövlət
mexanizmləri ilə deyil, həmdə sakinlərin öz icmalarına qarşı dərk etdiyi
könüllü sosial məsuliyyəti hissi ilə tamamlandıqda real və davamlı nəticə verə
bilər.
Fərd anlamalıdır ki,
daxil olduğu icmanın abadlığı, sosial həmrəyliyi, ekoloji təmizliyi onun daxili
borcudur. İcmanın inkişafına verilən hər bir tövhə istər fiziki əmək, istər
bilik, istərsədə ekoloji qayğı fərdin öz yaşayış keyfiyyətinə birbaşa təsir edən
simvolik dövriyyərdir. Dolayısı ilə, təbiətin hər bir elementi öz ekosisteminə
xidmət etdiyi kimi, insanda şüurlu bir varlıq olaraq daima aid olduğu icma üçün
faydalı olmağa çalışmalıdır. Robert Putnamın tədqiqatlarında göstərdiyi kimi,
kollektiv fəaliyyət dilenmalarının aşılmasında və məsuliyyətdən yayınmanın
aradan qaldırılmasında cəmiyyətin malik olduğu sosial kapital-yəni etimad,
qarşılıqlı yardım normaları və sosial ünsiyyət həll edici rol oynayır. Bu cür dəyərlərin
kök saldığı icmalarda fərdlərin könülü əməkdaşlığı və ümumi rifah naminə fəaliyyəti
daha səmərəli şəkildə formalaşır (8 , s. 167)
Məlumdur ki, insan bütün
dünyanı birdən-birə dəyişməyə qadir olmasa da öz icması daxilində faydalı işlər
görmək imkanına və gücünə malikdir. Qlobal ekosistem insanının yaşadığı məhəllə
və ya icmanın davamı, fərdin icması isə makro dünyanın mikro modelidir. Qlobal
ekoloji və sosial problemlər fərd üçün hədsiz böyük və mücərrəd olduğu üçün bu
mücərrədliyin aradan qaldırılmağının təsirli yollarından biri “hər sakin bir könüllü” prinsipinə əsaslanan
“Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti konsepsiyasıdır.
Bələdiyyə İdarəetməsi
Müstəvində Modelin İnstitusional Səmərəsi:
Konsepsiya tətbiqi
prosesi necə olmalıdır? Əgər İcmaların daxilində “Sakinlərin icma qarşısında
könüllü sosial məsuliyyəti” konsepsiyasnın fəlsəfi əsasları və faydaları
haqqında marifləndirmə işləri aparılarsa və yeni modlel tətbiq edilərsə icma üzvləri
öz peşəkar bilik və bacarıqlarnı əlavə resurs və maliyyə xərci çəkmədən
birbaşa sosial faydaya çevirmək imkanı qazanacaqlar.
“Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasının bələdiyyə idarəetməsində
tətbiq edilməsi yerli özünüidarəetmə üçün səmərəli nəticələr verə bilər. Belə
ki, sözügedən model bələdiyyələr üçün həm
institutsional, həmdə praktiki baxımdan
geniş imkanlar açaraq icma ilə yerli hakimiyyət arasında yeni əməkdaşlıq
mexanizmləri formalaşdırır.
Yerli özünüidarəetmə
orqanları bu konsepsiyanı tətbiq etməklə icmanın daxili potensialını səfərbər
edərək, bələdiyyə büdcəsinə düşən yükü minumuma endirməklə yanaşı bələdiyyəyə
olan ictimai etimad indeksinidə yüksəldəcəkdir. Çünki, fəaliyyəti subsidiarlıq
prinsipi üzərində qurulmuş bələdiyyələr sakinlərə ən yaxın idarəetmə və qərarvermə
orqanıdır.
Daha dəqiq ifadə etsək bələdiyyələr
əslində elə icma üzvləri olan sakinlərin özlərinin yaratdığı müstəqil
yerli özünüidarəetmə institutudur.
İcmalarda fərdlərin sosial məsuliyyətini dərk edərək könüllü fəaliyyət göstərməsi
yerli özünüidarəetmə institutlarının dayanıqlı inkişafını təmin edir. Məsələn,
konsepsiyanın mahiyyətini mənimsəmiş sakinin bələdiyyə vergi və ödənişlərininin
ödənilməsini sadəcə inzibati məcburiyyət kimi deyil, mənəvi borc və icmaya
şüurlu töhfə olaraq dərk etməsi bu
modelin praktiki səmərəliyinə əyani nümunədir.
Bu baxımdan məhəllə səviyyəsində
icma təşəbbüslərinin yerli özünüidarəetmə orqanları və könüllülərin sıx
koordinasiyası çərçivəsində icrası daha səmərəli nəticələr verə bilər. Sakinlərin
iştirakı tamamilə könüllülük prinsipinə əsaslandığından hər hansı məcburiyyət
hiss etməyən icma üzvləri öz vaxt və bacarıqlarına uyğun fəaliyyət sahəsini sərbəst
şəkildə seçirlər.
Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti konsepsiyası" həyata keçirilərsə
icma daxilində sosial əlaqələr möhkəmlənəcək, icma qarşısında məsuliyyətini dərk
edən sakinlər yerli problemlərə daha həssas yanaşacaq, sosial məsuliyyət hissi
güclənəcək, sakinlərin könüllü şəkildə icmanın xeyrinə fəaliyyətləri artacaq, ətraf
mühütün qorunmasına daha çox əmək sərf ediləcək, yaşıllıqlar artacaq, abadlıq və
təmizlik işləri daha geniş vüsət alacaq, sakinlərin liderlik və təşkilaçılıq
qabiliyyətinin inkişaf etməsi nəticəsində həm fərdi, həmdə icma səviyyəsində
inkişaf artacaq, yerli resursların daha səmərəli istifadəsi icmaların
inkişafına şərait yaradacaq, vətəndaş iştirakçılığı sayəsində yerli səviyyədə
demokratiya inkişaf edəcək, icma qarşısında məsuliyyətin dərk edilməsi yerli səviyyədə inkişafa səbəb olacaq. Bələdiyyənin
ərazisi abadlaşacaq, yerli problemlər həll olacaq, vergi yığımında və ianələrdə
artım hiss ediləcək. Nəticədə bütün bunlar bələdiyyənin inkişafına öz töhfələrini
verəcək.
İcma könüllülərinin fəaliyyəti əsasən yaşıllaşdırma, yaşlılara xidmət, gənclərlə
iş, təmizlik aksiyaları, mədəni tədbirlər, fövqaladə hallarda dəstək və yerli özünüidarəetmə orqanlarnın yerli
problemlərin həlli istiqamətində gördüyü işlərdə yaxndan iştirak kimi sahələri əhatə
edir.
Konsepsiyanın Praktiki
İdrəetmə Alətinə Çevrilməsi üçün 7 institusional Addım:
Bunları nəzərə
alaraq konsepsiyanın nəzəriyyədən
praktiki idarəetmə alətinə çevirmək üçün yerli özünüidaretmə orqanları tərəfindən
aşağıdakı institusional addmların atılması zəruridir:
1. Marifləndirmə və icma İnfrastrukturu:
Konsepsiyanın fəlsəfəsi və
mahiyyəti haqqında, broşürlər çap edib sakinlər arasında paylanılması və
icmaların yaradılması istiqamətində tədbirlərin görülməsi:
2. “Məhəllə İcma Şuralarının
İnstitusionllaşdılması”:
Bələdiyyələrin nəzdində
sakinlərin təşəbbüslərini birbaşa yerli qərarverici orqanının gündəliyinə
inteqrasiya edən müstəqil iştirakçılıq strukturu təsis edilməlidir.Bunun üçün bələdiyyələrin
nizamnamələrində və daxili əsasnamələrində icmalarn rolu rəsmiləşdirilir.Beləliklə
icmalar ərazilərdən şikayət edən qruplar olaraq deyil bələdiyyələrin rəsmi
olaraq tanıdığ məşvərətçi orqana çevrilir.
3. Qərarvericilikdə Birbaşa iştirak:
Məhəllə daxilində ortaya
çıxan problemlər və ya sakinlərin könüllü sosial təşəbbüsləri ilk olaraq icmada
müzakirə olunur. İcmanın hazırladığı təkliflər birbaşa Bələdiyyə iclasının gündəliyinə
məcburi olaraq baxılmalı məsələ kimi daxil edilir.
4. Logistik və Resurs Dəstəyi Mexanizmləri:
Bələdiyyələr sakinlərin
könüllü sosial layihələrinə birbaşa maliyyə ödənişi əvəzinə alətlər,
avadanlıqlar, texniki dəstək, qapalı və ya açıq məkanlar və hüquqi məsləhət
imkanı yaratmaldır.
5. “İcma Bacarıq Bankı”nın yaradılması:
Rəssam, hüquqşünas,
musiqiçi, müəllim, aqronom, telefon və kompüter təmirçiləri, İT mütəxəssisi və
digər sahələr üzrə bilik və bacarğı olan icma üzvlərinin həftədə və ya ayda neçə
saat könüllü vaxt ayıra biləcəyinin qeydiyyatı və invertarlaşdırılması
aparılmalıdır.
6. Ehtiyacların İnvertarlaşdırılması və Xəritələndirilməsi:
İcma daxilində ehtiyaclar
müəyyənləşdirilməlidir. Buraya uşaq parklarında oturacaqların təmiri, ehtiyacı
olan şagirdlərə dərs dəstəyi, yaşlı insanlara telefon və ya kompüter barədə biliklərin verilməsi və digər
məsələlər daxil ola bilər.
7. Rəsmi Qiymətləndirmə və Motivasiya
Mexanizmi:
Yerli vergiləri vaxtında
ödəyən və ya digər sakinləri vergilərini ödəməyə təşviq edən, icmanın
abadlaşdırılmasına könüllü töhfə verən fəal sakinlərin fəaliyyəti bələdiyyələr
tərəfindən rəsmi olaraq qiymətləndirilməli, həvəsləndirici mükafatlar və fəxri
adlar təyin edilməlidir.
Konsepsiyanın həyata
keçirilməsi üçün icma daxili ehtiyaclar müyyənləşdirilməlidir. Burayda yaşayış
məntəqəsində və ya məhəllədə mövcud çətinliklərin birgə müzakirə edilməsi və
plan qurulması daxildir. fərdlərin icma daxilində məhəllələrin təmizliyi,
abadlığı, öz bilik və bacarığı daxilində digər icma üzvlərinə dəstəyi, az təminatlı
ailələr yardım, qocalara və ehtiyacı olan şəxslərə humanitar yardım göstərilməsi.
Tədqiqatın əsas məqsədi fərdlərin
icma daxili proseslərdə aktiv iştirakını təmin edən "Sakininlərin icma
qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyasının nəzəri-metodoloji əsaslarını
işləyib hazırlamaq, sakinlərin könüllülük və sosial məsuliyyət dərəcəsini
artıracaq praktiki tətbiq mexanizmlərini və davamlı icma inkişaf modelini müəyyən
etməkdir.
Qarşıya qoyulmuş məqsədə
çatmaq üçün aşağıdakı konkret elmi və praktiki məsələlərin həlli nəzərdə
tutulur:
Nəzəri bazanın sistemləşdirilməsi:
Mövzu ilə bağlı klassik və müasir sosioloji, fəlsəfi nəzəriyyələri (sosial
müqavilə, sosial kapital, vətəndaş məsuliyyəti və ictimai rifah yanaşmaları)
konsepsiya prizmasından təhlil etmək.
Mövcud vəziyyətin
diaqnostikası: Sakinlərin hazırkı sosial məsuliyyət səviyyəsini, bir-birinə və
yerli təsisatlara olan etimad indeksini (sosial kapitalını) empirik metodlarla
qiymətləndirmək.
Motivasiya və maneələrin
müəyyənləşdirilməsi: Sakinləri yerli icma problemlərinin həllində təmənnasız
(könüllü) fəaliyyətə sövq edən daxili mənəvi faktorları (altruizm) və onlara
mane olan daxili/xarici amilləri aşkar etmək.
Resursların xəritələndirilməsi:
İcmaların kənardan kömək gözləmədən, öz daxili insan potensialı və imkanları
hesabına problemləri kollektiv şəkildə həll etmə bacarıqlarını (Asset-Based
Community Development) analiz etmək.
Konsepsiyanın tətbiq
mexanizminin qurulması: "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti"
modelinin real həyatda (məsələn, pilot məhəllə və ya rayon miqyasında) tətbiq
olunması üçün fəaliyyət alətlərini və stimullaşdırıcı metodları formalaşdırmaq.
Tövsiyələrin
hazırlanması: Sakinlərdə aktiv vətəndaşlıq və "özünüidarəetmə" vərdişlərini
gücləndirmək, habelə konsepsiyanın davamlılığını təmin etmək üçün yerli icma
idarəçilərinə yönəlmiş elmi-praktiki tövsiyələr irəli sürmək.
“Konsepsiyanın Nəzəri-metodoloji
Əsasları”
"Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyətı konsepsiyasının" nəzəri bazası aşağıdakı fundamental sosioloji və fəlsəfi nəzəriyyələr
üzərində qurulmuşdur:
1. Sosial müqaviləvə nəzəriyyəsi(Social
Contract Theory):
Sosial müqavilə nəzəriyyəsi fərd ilə cəmiyyət və lokal icma arasındakı
münasibətlərin fundamental fəlsəfi-hüquqi əsasını təşkil edir. Bu nəzəriyyənin əsas
klassik nümayandələri olan Tomas Hobbs, Con Lok və Jan Jak Russoya görə fərdlər
müəyyən hüquq və azadlıqlarını icma qarşısında öhdəliklərlə əvəz edir, cəmiyyət
isə onların təhlükəsizliyini və rifahını təmin edir. Bu ikitərəfli sosial müqavilə nəticəsində fərdlər və cəmiyyət
araşında qarşılıqlı etimad və bağlılıq yaranır. Beləliklə, sosial müqavilə hər
iki tərəf üçün müəyyən məsuliyyət yaradır və sakini öz cəmiyyətinin inkişafınnda aktiv
iştirakçıya çevirir. Bu ikitərəfli konsensus subyektlər arasında qarşılıqlı
etimad, legitimlik və üzvi bağlılıq formalaşdırır.
"Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində “Sosial
müqavilə nəzəriyyəsinin” metodoloji interpretasiyası və tətbiqi:
Tədqiqatın metodoloji
strukturunda sosial müqavilə prinsipləri sadəcə klassik fəlsəfi doktrina kimi
deyil, lokal icma idarəçiliyinin funksional-struktur aləti kimi tətbiq olunur.
Bu yanaşma aşağıdakı konseptual mexanizmlər vasitəsilə metodolojiləşdirilir:
Asimmetrik Münasibətlərin
Transformasiyası (İstehlakçı paradiqmasının dəyişməsi): Ənənəvi yanaşmada sakin
yerli idarəetmə orqanlarından (bələdiyyə və ya dövlət orqanlarından) yalnız
birtərəfli xidmət gözləyən passiv "istehlakçı" rolundadır. Sosial
müqavilə modelinin icmaya tətbiqi sakini bu passiv roldan çıxarır. Metodoloji
baxımdan bu yanaşma sakinin lokal hüquqları ilə sosial öhdəlikləri arasında
dinamik balans yaradılır.
Deliberativ (Müzakirəli)
İştirakçılıq və İnstitusionallaşma: Sosial müqavilə prinsipləri sakinlərin icma
daxilində kollektiv qərarların qəbulu prosesində aktiv iştirakçıya çevrilməsini
tələb edir. Bu kontekstdə "sosial məsuliyyət" anlayışı mənəvi çağırış
elementindən çıxaraq, fərdin icmanın dayanıqlı inkişafında pay sahibi olmasını
qanuniləşdirən institusional-davranış metodu funksiyasını yerinə yetirir.
2. Sosial Kapital nəzəriyyəsi(Social
Capital):
Sosioloji müstəvidə
sosial kapital fərdlərin və qrupların arasında qarşılıqlı etimad ortaq mənəvi və
hüquqi normaları, şəbəkələşmə
imkanlarını ifadə edən mühüm qeyri-maddi resursdur. ”Sosial Kapital” termini Latınca “capitalis
(baş,əsas) və “socialis”(cəmiyyətlə əlaqəli) sözlərinin birləşməsindən yaranıb.
Sosial kapital nəzəriyyəsinin akademik ədəbiyyatda əhəmiyyətli yer tutması,
müasir sosioloqlar Pierre Bourdieu, James Coleman və Robert D Putnam kimi mütəxəssislərin
tədqiqatları sayəsində olmuşdur. Robert D Putnama görə cəmiyyətin gücü sakinlər
arasında horizontal əlaqələrin sıxlığından və “sosial bağların” keyfiyyətindən
aslıdır. Putnamın yanaşmasına əsasən yüksək sosial kapital səviyyəsi icma
daxilində kollektiv problemlərin daha az resurs sərf etməklə səmərəli həllinə və icma daxilində həmrəyliyinin
güclənməsinə birbaşa xidmət edir.
"Sakinlərin icma
qarşısında könüllü məsuliyyəti" konsepsiyası çərçivəsində “Sosial Kapital”
nəzəriyyənin metodoloji interpretasiyası və tətbiqi:
Tədqiqatın metodoloji
arxitekturasında sosial kapital sadəcə mövcud vəziyyəti təsvir edən sosioloji
indikator deyil, konsepsiyanın reallaşmasını təmin edən resurs-funksional metod
kimi çıxış edir. Bu yanaşma çərçivəsində konsepsiya aşağıdakı iki əsas
metodoloji mexanizm üzərində qurulur:
"Birləşdirici"
və "Körpüsalan" Sosial Kapitalın Aktivləşdirilməsi: Metodoloji
olaraq, konsepsiya icma daxilində iki fərqli sosial bağın qurulmasını hədəfləyir.
Birincisi, eyni məhəllə və ya lokal ərazidə yaşayan sakinlər arasında daxili həmrəyliyin
gücləndirilməsi (birləşdirici kapital); ikincisi isə fərqli icmalar, könüllü
qrupları və lokal idarəetmə orqanları arasında şəbəkələşmənin
formalaşdırılmasıdır (körpüsalan kapital). "Sakinlərin icma qarşısında
könüllü sosial məsuliyyəti" modeli bu iki bağın kəsişməsində
strukturlaşdırılır.
Kollektiv Fəaliyyət
Dilemmasının Həlli: Sosiologiyada fərdlərin ümumi icma problemlərinə qarşı
laqeydliyi "faydalanan, amma töhfə verməyən" (free-rider) problemi
yaradır. Təklif olunan konsepsiya sosial kapital metodologiyasına əsaslanaraq,
könüllülük institutunu bir "ictimai norma" kimi irəli sürür. Sakinin
sosial məsuliyyəti artdıqca, icmadakı etimad mühiti rasionallaşır və kollektiv
fəaliyyətin effektivliyi riyazi və sosioloji olaraq yüksəlir.
Beləliklə, sosial kapital
nəzəriyyəsi bu konsepsiyada lokal icmanın daxili potensialını (insan resursunu)
üzə çıxarmaq, sakinlər arasında yadlaşmanı aradan qaldırmaq və könüllülük hərəkatını
dayanıqlı etmək üçün inklyuziv mexanizm kimi
çıxış edir.
3. Vətəndaş məsuliyyəti nəzəriyyəsi (Civic
Responsibility):
Vətəndaş məsuliyyəti nəzəriyyəsi
fərdlərin dövlət və cəmiyyət qarşısında hüquqi, əxlaqi və sosial öhdəliklərini,
hüquqların məsuliyyətlə balanslaşdrılmasını ictimai normalar və qanuni çərçivə
konteksində tənzimləyən fundamental doktirinadır. Bu nəzəriyyənin kökləri antik
dövrə xüsusən Aristotelin "aktiv vətəndaş" fəlsəfəsinə dayansa da,
müasir sosiologiyada və siyasi elmlərdə respublikaçılıq (civic republicanism) və
kommunitarizm (communitarianism) çərçivəsində, xüsusilə A. Etzioni və M. Sandel
kimi mütəfəkkirlər tərəfindən sistemləşdirilmişdir.
Nəzəriyyənin təməl
prinsipləri qanunlara riayət, vergi ödəmə, dövlətə sadiqliq və ictimai həyatda
aktiv iştirakı nəzərdə tutan vətəndaş cəmiyyətinin təməl prinsipi kimi qəbul
edilir. Sosioloji düşüncə tarixində Aleksis de Tokvil vurğulayırdı ki, cəmiyyətin
dayanıqlılığı sakinlərin yerli məsələlərdə könüllü iştirakından və “özünüidarəetmə”
vərdişlərindən aslıdır. Məsələnin hüquqi
tərəfini passiv öhdəlik olaraq qiymətləndirən
Tokvilə görə cəmiyyətin inkişafı üçün vətəndaşın məsuliyyəti vergi ödəmək
və qanunlara riayət etməklə məhdudlaşmır, o fərdin öz yaşadığı mühütə fəal mənəvi
və sosial tövhə verməsini tələb edir.
Həmçinin “kommunitar”
yanaşmaya görə, fərdi hüquqlar icma qarşısında daşınılan sosial və mənəvi öhdəliklərlə
balanslaşdırılmalıdır. İcmanın dayanıqlılığı sakinlərin ümumi rifah naminə göstərdiyi
könüllü fəallıqdan və vətəndaşlıq məsuliyyətindən asılıdır.
"Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində nəzəriyyənin
metodoloji interpretasiyası və tətbiqi:
Tədqiqatın metodoloji
quruluşunda vətəndaş məsuliyyəti konsepsiyası sadəcə hüquqi status deyil,
sakinin gündəlik icma həyatındakı fəallığını aktivləşdirən dəyər yönümlü və
davranış metodu kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı iki metodoloji aspekt
vasitəsilə konsepsiyaya inteqrasiya edilir:
Hüquqi Mənsubiyyətdən
"Aktiv İştirakçılığa" Keçid: Ənənəvi yanaşmada "vətəndaşlıq/sakinlik"
sadəcə müəyyən bir coğrafi ərazidə qeydiyyatda olmaq və vergi ödəməklə məhdudlaşan
formal statusdur. Bu konsepsiyada isə vətəndaş məsuliyyəti metodologiyası fərdi
passivlikdən xilas edərək könüllülüyü icma idarəçiliyinin mərkəzinə qoyur.
Sakin statusu lokal problemlərin (ekologiya, asayiş, sosial yardım və s.) həllində
subyektə çevrilməklə metodoloji olaraq yenidən mənalandırılır.
"Ortaq Rifah"
Paradigmasının Modelləşdirilməsi: Vətəndaş məsuliyyəti nəzəriyyəsi çərçivəsində
"Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” modeli fərdi
maraqlarla kollektiv mənafelərin optimallaşdırılmasını təmin edən bir sosial
alqoritmdir. Metodoloji olaraq, fərdin icma qarşısında daşıdığı mənəvi və
sosial məsuliyyət (sosial audit, qarşılıqlı yardım şəbəkələri) lokal səviyyədə
sosial riskləri azaldır və böhran anlarında (məsələn, təbii fəlakətlər, lokal
idarəetmə boşluqları) icmanın çevik özünübərpa mexanizmini işə salır.
Beləliklə, vətəndaş məsuliyyəti
nəzəriyyəsi təklif olunan konsepsiyada "sakin" və "könüllü"
anlayışlarını eyniləşdirərək, sosial məsuliyyəti kənar bir təsir yox, icmanın
daxili dinamikası hesabına formalaşan dayanıqlı daxili idarəetmə mexanizminə
çevirir.
4. Könüllülük fəlsəfi (Philosophy of
Volunteerism):
Könüllülük fəlsəfəsi fərdin
heç bir maddi qazanc və məcburiyyət mexanizmi olmadan, yalnız daxili
motivasiya, mənəvi təlabat və azad iradə ilə başqalarının və cəmiyyətin rifahı
naminə təmənnasız xidmət etməsinə əsaslanan etik-fəlsəfi doktiranadır.
Könüllülük haqqında anlayışlardan biridə könüllülüyün geniş spektrli fəaliyyət
növü olmaqla istər dövlət qrumlarının, istərsədə QHT üzvü olaraq və ya fərdi şəkildə
müxtəlif ölkələrə səfər edərək könüllü fəaliyyəti ilə məşğul olmaqdır (4,
s.47).
Könüllülük fəlsəfəsinin mənəvi-etik
kökləri altruizm (başqalarını düşünmə), humanizm və sosial həmrəylik prinsiplərinə
dayanır. İ. Kantın "birmənalı imperativ" etikası və müasir sosial fəlsəfədəki
ekzistensial yanaşmalar fərdin cəmiyyət qarşısında öz məsuliyyətini dərk etməsini
və könüllü fəaliyyəti fərdin mənəvi özünüreallaşdırma forması kimi qiymətləndirir.
Nəzəriyyəyə görə könüllülük cəmiyyətin və başqalarının inkişafı naaminə təmənnasız
fəaliyyət göstərən hər bir şəxsin fərdi azadlığı və mənəvi yetkinliyinin yüksək
təzahürüdür.
Könüllük və təmənnasız
xidmət anlayışı dövürlərə görə dəyişik formalarda təzahür etsədə hər zaman
mövcud olmuşdur. Antik dövür filosoflarından Aristotelə görə “filantropiya” yəni
insanpərvərlik, həyatın əsas mənası "başqalarına xidmət etmək və
xeyirxahlıq etməkdir". Onun fəlsəfəsində insanın fəziləti başqalarına kömək etmək fəaliyyəti ilə
ölçülürdü.
Müasir dövür
filosoflarından İmmanuil Kantın “Kateqorik imperativ “prinsipinə əsasən, fərdin
icma qarşısında mənəvi borcu xarici məcburiyyətdən deyil, daxili əxlaqi şüurdan
qaynaqlanmalıdır. Könüllük dedikdə fərdin
və ya fərdlər qrupunun heç bir maddi qazanc güdmədən başqalarına kömək etmək və
cəmiyyətə fayda vermək fəaliyyəti başa düşülür. Könüllük fəlsəfəsi altuizm, azad seçim və ictima fayda prinsiplərinə
əsaslanır.
"Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində nəzəriyyənin
metodoloji interpretasiyası və tətbiqi:
Tədqiqatın metodoloji
arxitekturasında könüllülük fəlsəfəsi sadəcə mənəvi çağırışlar toplusu kimi
deyil, lokal icmanın idarə olunmasında insan resurslarını hərəkətə gətirən
motivasion-funksional metod kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı iki
metodoloji aspekt vasitəsilə konsepsiyaya inteqrasiya edilir:
Altruizmdən
"Rasional və Qarşılıqlı Faydalılığa" Keçid: Ənənəvi yanaşmada
könüllülük yalnız fədakarlıq və birtərəfli yardım forması kimi qəbul edilir.
Konsepsiyanın metodoloji strukturunda isə könüllülük fəlsəfəsi "qarşılıqlı
altruizm" prinsipi ilə yenidən modelləşdirilir. Sakinin icma üçün etdiyi
könüllü fəaliyyət (məsələn, məhəllənin abadlaşdırılması, sosial dəstək),
dolayısı ilə onun öz yaşam mühitinin keyfiyyətini artırır. Beləliklə, fərdi
daxili motivasiya ilə kollektiv fayda arasında funksional bir asılılıq
yaradılır.
Sosial İnnovasiya və
İnsan Resursunun Empirik İnteqrasiyası: Metodoloji olaraq, könüllülük fəlsəfəsi
çərçivəsində "Hər sakin bir könüllü" prinsipini əsas tutan “Sakinlərin
icma qarşısında könüllü sosial məsuliyyəti” kosepsiyası lokal icmanın daxili
böhranlara qarşı davamlılığını təmin edən bir sosial innovasiya alətidir.
Sakinlərin daxili mənəvi potensialı və fərdi bacarıqları (mühəndislik, həkimlik,
pedaqogika və s.) icmanın ehtiyacları ilə xəritələndirilir. Bu rəsmi idarəetmə
mexanizmlərinin bürokratik boşluqlarını və resurs çatışmazlığını sakinlər
daxilindəki "intellektual və fiziki könüllü əmək" hesabı ilə
kompensasiya etməyə imkan verir.
Beləliklə, könüllülük fəlsəfəsi
təklif olunan konsepsiyada sosial məsuliyyəti məcburi bir qanun deyil, daxili dərk
olunmuş bir zərurət kimi formalaşdırır və "sakin" anlayışını icmanın
sosial memarına çevirən mənəvi-metodoloji nüvəni təşkil edir.
5. İcma inkişaf modeli
(Community Devolopment Model)
İcma inkişaf modelinin fəlsəfəsi
müəyyən bir coğrafi, sosial və ya funksional məkanda yaşayan fərdlərin öz
iqtisadi, social və ekoloji problemlərini müəyyənləşdirərək onları öz daxili
resursları hesabına kollektiv şəkildə həll etmək bacarıqlarına əsaslanan
institusional və voluntaristik prosesdir. Bu modelin akademik əsasları
sosiologiyada və sosial siyasətdə icma təşkilatlanması və daxili resurslara əsaslanan
icma inkişafı yanaşmaları üzərində qurulmuşdur. Bu yanaşmanın fundamental
prinsipi icmanı kənardan gələn yardımlara asılı olan passiv bir obyekt kimi
deyil, öz daxili potensialı, insan resursu və gücü ilə öz problemlərini həll edə
bilən aktiv subyekt kimi qiymətləndirməkdir.
Qeyd etmək yerinə düşər
ki, müasir sosiologiyada icma inkişafı sadəcə dövlət və ya xarici donorların
layihələrinin həyata keçirilməsi deyil, eyni zamanda icmanın daxili
potensialının və resurslarının mütəşəkkil şəkildə hərəkətə gətirilməsidir. Bu
yanaşmanın banilərindən olan Con MakNayt (John McKnight) qeyd edir ki, icmalar
kənardan kömək gözləyən passiv subyektlər deyil, öz daxili gücü ilə rifah
yaradan fəal istehsalçılardır. İnkişafın davamlılığı məhz bu daxili potensialın
səfərbər edilməsindən aslıdır.
"Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində “İcma
inkişaf modeli” nəzəriyyəsinin metodoloji interpretasiyası və tətbiqi:
Tədqiqatın metodoloji
strukturunda icma inkişaf modeli yuxarıda qeyd olunan bütün fəlsəfi və
sosioloji nəzəriyyələri praktiki müstəviyə daşıyan tətbiqi-institusional metod
funksiyasını yerinə yetirir. Bu model konsepsiyaya aşağıdakı iki əsas
metodoloji mexanizm vasitəsilə inteqrasiya olunur:
"Yuxarıdan-Aşağıya"
İdarəetmədən "Aşağıdan-Yuxarıya" İştirakçılığa Keçid: Ənənəvi lokal
idarəetmə metodologiyasında qərarlar mərkəzi və ya lokal hakimiyyət tərəfindən
qəbul edilir və sakinlərə tətbiq olunur. “Sakinlərin icma qarşısında könüllü
sosial məsuliyyəti" konsepsiyası isə icma inkişaf modelinə əsaslanaraq,
lokal problemlərin diaqnostikası, planlaşdırılması və həlli prosesini birbaşa
sakinlərin (könüllülərin) iştirakı ilə reallaşdırır. Bu, metodoloji olaraq
yerli bələdiyyə və icma komitələri ilə sakinlər arasında şəffaf, horizontal tərəfdaşlıq
platforması formalaşdırır.
Daxili Resursların Xəritələndirilməsi
və Səfərbərliyi: Metodoloji olaraq, bu model icmadakı maddi çatışmazlıqlara
yox, daxili qeyri-maddi aktivlərə (sakinlərin bilik, bacarıq, vaxt və könüllü əməyinə)
fokuslanır. "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti"
modeli çərçivəsində hər bir sakinin fərdi sosial məsuliyyəti, icmanın ümumi
inkişaf strategiyası ilə əlaqələndirilir. Sakinlər könüllülük yolu ilə lokal
asayişin qorunması, ekoloji mühitin yaxşılaşdırılması və sosial həssas qruplara
dəstək göstərilməsi kimi sahələrdə birbaşa icraçıya çevrilirlər.
Beləliklə, icma inkişaf
modeli təklif olunan konsepsiyada nəzəri prinsiplərin real tətbiq alqoritmini
verir və "sosial məsuliyyət" ideyasını lokal səviyyədə dayanıqlı,
özünü idarə edən və inkişaf etdirən praktiki sosial modelə çevirir.
6. İctimai rifah nəzəriyyəsi (Social Welfare
Theory)
İctimai rifah nəzəriyyəsi
cəmiyyət üzvlərinin ümumi yaşayış keyfiyyətlərini,sosial ədalətin və kollektiv
məmnuniyyətin artırılmasını, sosial məmnunluq səviyyəsini makro və mikro müstəvidə
optimalaşdırmağı əsas məqsəd olaraq müəyyən edən fundamental konseeptual çərçivədir.
Cəmiyyətin davamlı inkişafı və sosial ədalətin bərqərar olması yalnız güclü
institusional mexanizmlərin varlığından deyil, həm də fərdlərin və icmaların
göstərdiyi şüurlu, voluntaristik təşəbbüslərdən asılıdır. Bu nəzəriyyənin akademik kökləri utilitarizm
(A. Smit, C. S. Mill) və müasir rifah iqtisadiyyatına (A. Piqou, V. Pareto)
dayansa da, sosial sosiologiyada və insan potensialının inkişafı kontekstində
Amartya Senin "bacarıqlar yanaşması" ilə sistemləşdirilmişdir. Bu
yanaşmaya görə, rifah sadəcə maddi gəlirlərlə ölçülmür, fərdlərin kollektiv həyatda
iştirak etmək, bir-birinə dəstək olmaq və öz mühitini dəyişdirmək azadlığı və
imkanları da rifahın əsas göstəriciləridir.
Məlumdur ki, insanlar tərəfindən
irəli sürülmüş nəzəriyyələr və qəbul edilmiş qanunlar hər nə qədər yol xəritəsini
müəyyən etsə də, real tərəqqi insanların öz potensiallarını kollektiv rifah
naminə mütəşəkkil şəkildə hərəkətə gətirməsi ilə mümkündür. Amartya Sen tərəfindən
irəli sürülən "Kapabiliti (Bacarıq) yanaşmasına görə ictimai rifah yalnız
maddi göstəricilərlə deyil, insanların sosial mühitdə fəal iştirak etmək və öz
mühitini yaxşılaşdırmaq imkanı ilə ölçülür.
"Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası çərçivəsində “İctimai
rifah nəzəriyyənin metodoloji interpretasiyası və tətbiqi:
Tədqiqatın metodoloji
arxitekturasında ictimai rifah nəzəriyyəsi sadəcə dövlətin sosial yardımlarının
paylanması mexanizmi kimi deyil, icmanın daxili resursları hesabına kollektiv
rifah istehsal edən tərəfdaşlıq metodu kimi tətbiq olunur. Bu yanaşma aşağıdakı
iki metodoloji aspekt vasitəsilə konsepsiyaya inteqrasiya edilir:
Rifahın İstehsalında
"Pareto Effektivliyi" və Sosial Sinerji: Ənənəvi rifah modellərində
resursların məhdudluğu səbəbindən bir qrupun rifahını artırmaq digər qrupun
resurslarının azalması hesabına baş verir. "Sakinlərin icma qarşısında
könüllü sosial məsuliyyəti" konsepsiyası isə fərqli bir metodoloji həll təklif
edir. Sakinlərin heç bir maddi qarşılıq güdmədən öz vaxt və bacarıqlarını
icmaya könüllü olaraq xərcləməsi (məsələn, ehtiyacı olanlara qayğı, uşaqların
pulsuz təhsili, ətraf mühitin qorunması) heç bir tərəfin resursunu azaltmadan
ümumi icma rifahını maksimallaşdırır.
İctimai nemətlərin Sakinlər
Tərəfindən Qorunması və İnkişafı:
Sosial-İqtisadi nəzəriyyədə
lokal asayiş, təmiz ekologiya və ortaq infrastruktur "ictimai mal və ya
nemətlər" adlanır və onların qorunması adətən yüksək bürokratik və maliyyə
xərcləri tələb edir. Vətəndaş məsuliyyətinə əsaslanan könüllülük modeli bu xərcləri
minimuma endirir. Sakinlərin daxili motivasiyası və sosial auditi vasitəsilə
ictimai malların qorunması icma büdcəsinə qənaət etməyə və həmin resursları digər
sosial sahələrə yönəltməyə imkan verən effektiv idarəetmə alqoritmi
formalaşdırır.
Beləliklə, ictimai rifah
nəzəriyyəsi təklif olunan konsepsiyada "könüllülük" və "sosial məsuliyyət"
prinsiplərinin sadəcə humanist
duyğulardan ibarət olmadığını, cəmiyyətin ümumi sosial-iqtisadi dayanıqlılığını
və həyat keyfiyyətini yüksəldən strateji bir rifah modeli olduğunu elmi şəkildə
əsaslandırır.
İcma qarşısında sosial məsuliyyətin
beynəlxalq-hüquqi əsasarı:
1948-ci ildə qəbul
edilmiş BMT-nin Ümumdünya İnsan Hüquqları bəyannaməsinin 29-cu maddəsinin 1-ci
bəndində hər bir insan elə bir cəmiyyət qarşısında məsuliyyət daşıyır ki, onun
şəxsiyyətinin azad və tam inkişafı yalnız o cəmiyyətdə mümkündür deyə bəyan
edilib (3, s.320).
Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti" konsepsiyası ilə digər nəzəriyyələrin
müqayisəli qısa xülasəsi:
· Sosial müqavilə nəzəriyyəsi cəmiyyəti
bioloi orqanizmə bənzədir və hər fərdin orqanın bir parçası kimi funksiya
daşıdığını önə çəksədə insanın şüurlu seçimi nəzərə almadan məsuliyyəti
mexaniki funksiya səviyyəsinə endirir:
· İctimai müqavilə nəzəriyyəsi fərdin cəmiyyət
qarşısında öhdəliklərini dövlətlə bağlanmış hüquqi və inzibati müqavilə kim
izah edir.Burada fərdin məsuliyyəti məcburiyyət və ya cərimələrdən qorxusu üzərində
qurulur.Yəni fərd dövlətin inzibati gücünündən irəli gələn məcburiyyətlə öhdəliklərini
həyata keçirir:
· Vətəndaş məsuliyyəti nəzəriyyəsi vətəndaşın
cəmiyyət və dövlət qarşısındakı öhdəliklərini ictimai işlərdə fəal iştirak,qərarlarda
rol almaq və ümumi mənfəətə tövhə vermək kimi izah edir.Lakin məsuliyyəti
insanın təbiətdəki biloji fayda dövriyyəsini və ekoloji bünövrəsini nəzərə
almır:
· Könüllük fəlsəfəsi icmaya və cəmiyyətə
tövhə verməyi fərdin tamamilə azad iradəsinə, mənəvi fədakarlığına və istəyə
bağlı xeyriyyəçiliyinə söykənən bir faəliyyət olaraq izah edilir.Burada məsuliyyət
daima sistemli öhdəlik kimi deyil,müvəqqəti və istəyə bağlı bir jest olaraq önə
çıxır.Fərdin könüllü fəaliyyəti onun varlıq şüurunun daxili,orqanik zərurəti
kimi əsaslandırmır.
· İcmanın sosial inkişaf modeli icmanın
sosial-iqtisadi rifahını və yerli infrastrukrunu sakinlərin kollektiv
iştirakı,resursların səfərbərolunması və özünüidarə təşəbbüsləri vasitəsiylə
yüksəltməyi hədəfləyir.Bu konsepsiya diqqəti daha çox sosial-iqtisadi nəticələrə
və layihəyönümlü addımlara yönəldir.Vətəndaş məsuliyyətini insanın məsuliyyətini
insan ın təbiətdən gələn varlıqşüuru və orqanik zərurəti kimi dərindən əsaslandırmır.
· İctimai rifah nəzəriyyəsi resursların ədalətli
bölgüsü və sosial dəsdək vasitəsilə cəmiyyətin ümumi yaşayış keyfiyyətini yüksəltməyi
dövlətin və icrimai instutların əsas məqsədi kimi izah edir.Fərdləri daha çox
dövlətdə resurs və xidmət alan passiv istehlakçı mövqeyindəöz icmasına şüurlu
tövhə vermək və resurs yaratmaq kimi təbii məsuliyyətini nəzərə almır.
Müəllifi olduğum “Sakinlərin
icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyasına görə sakinlər dövlət
orqanlarından və yerli özünüidarəetmə orqanlarından xidmət gözləyən passiv
istehlakçı deyil, yerli özünüidarəetmə orqanları ilə birgə yerli inkişafa
çalışan, icma prooseslərində fəal iştirak edən, könüllü fəaliyyətini təbiətin və
icmanın bir parçası olduğunu şüurlu dərk etməklə həyata keçirən fəal subyektlərdir.
Ədəbiyyatda sosial məsuliyyət
və könüllülük prinsipləri əksər hallarda korporativ sektorun öhdəliyi kimi
araşdırılmışdır. Bu tədqiqat isə həmin prinsipləri fərdi və lokal müstəviyə
daşıyaraq, "Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti"
modelini icma daxilində mehribançılıq, mehriban qonşuluq kimi meyarlar vasitəsilə
icmanın inkişafına səbəb olmaqla yerli özünüidarəetmənin (bələdiyyələrin)
inkişaf mexanizmi kimi ilk dəfə sistemli şəkildə irəli sürülüb.
Konsepsiyanın Yeniliyi və
Fərqləndirici Xüsusiyyətləri:
“Sakinlərin icma
qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası icmaları birbaşa yerli
özünüidaretmə orqanlarının daxili strukturu kimi qəbul etməsə də, konsepsiyanın
tətbiqi bələdiyyələri sadəcə inzibati xidmət provayderi funksiyasından
çıxararaq onları sosial həmrəyliyin və birgə idarəetmənin fəal subyektinə
çevirir.
Təqdim etdiyim
konsepsiyanın digər nəzəriyyələrdən fərqi ondan ibarətdir ki, sosial məsuliyyəti
yalnız korperasiyalara və dövlətlərə deyil, hər sakinə aid olan könüllü ictimai
öhdəlik olaraq sistemləşdirmişəm. Buna görədə konsepsiya sadəcə “könüllülük”
deyil, icma qarşısında fərdi sosial məsuliyyət modeli kimi təqdim edilir.
Ədəbiyyat
Ə.S.Bayramov, Ə.Ə.Əlizadə:
Sosial Psixologiya, Baki, “Qapp-Poliqraf” ,2003. 356 səh.
Ə. Qəşəmoğlu,Sosial İdarətmənin
fəlsəfi,sosioloji problemləri, Baki, “Səda”nəşriyyatı
2008,264 səh.
H.Hacızadə.Demokratiya
gediləsi uzun bir yol Antologiyası, Baki,İqtisadi və siyasi Araşdırmalar Mərkəzi
FAR Centre, 2002, 445 səh
N. Adilov, E.Paşayev: Könülülük Uğur Formulu,Baki,
“Adventa co” MMC, 2017, 246 səh.
Entoni Giddens, Filip V.
Satton: Sosiologiyada əsas Anlayışlar,Baki, Sosial Tedqiqatlar Mərkəsi, Tərcüməçilər:
H.Axundadə, S. Padarov, MM-S, 2023, 316 səh.
Benjamin R. Barber, Strong democracy participatory politics for a
new age, University of California, 2003, 320 p.
John Rawls. Bir Adalet Teorisi, Phoenix Yayınevi, 2017,
619 səh.
Robert D. Putnam. Robert
Leonardi, Raffaella Y. Nanetti Bowling . Making Democracy Work: Civic
Traditions in Modern Italy, Princeton University Press 1993, 247 p.
Thomas Hobbes. Leviathan,
Oxford University Press,1996,508 p.
William MacAskill,
"What We Owe The Future",
Basic Books, 2022, 272 p
Jan Jak Russo. İctimai
müqavilə, Türkiyə İş bankası Kültür yayınları kitab evi, 2006, 138 səh.
John Locke.Yönətim üzərinə
ikinci inceleme, Tarcan Matbaası, 2019, 28 səh.
Fərman Salmanlı
Bələdiyyə məsələləri üzrə
ekspert
Rəylər
0 Rəy